• 16.11.2026
  • 19
DPİQ Çinin Şençjen şəhərində yerləşən aparıcı universitetlərlə əməkdaşlıq imkanlarını müzakirə edib

Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Qədir Xəlilov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Şençjen şəhərində yerləşən Harbin Texnologiya İnstitutu və Tsinxua Universitetinin nümayəndələri ilə görüşlər keçirib.

Görüşlərin əsas məqsədi Dövlət Proqramı çərçivəsində Çin universitetləri ilə akademik əlaqələrin genişləndirilməsi, azərbaycanlı gənclərin beynəlxalq təhsil və tədqiqat imkanlarına çıxışının artırılması, eləcə də qarşılıqlı maraq doğuran istiqamətlər üzrə uzunmüddətli əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi olub.

Səfər çərçivəsində Harbin Texnologiya İnstitutunun Şençjen kampusunda keçirilən görüşdə universitetin təqdim etdiyi təhsil proqramları üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri nəzərdən keçirilib. Xüsusilə Dövlət Proqramının prioritet ixtisas istiqamətləri üzrə azərbaycanlı namizədlər üçün təhsil imkanlarının genişləndirilməsi, elmi tədqiqat fəaliyyətinin təşviqi və tələbələrin beynəlxalq akademik mühitdə peşəkar inkişafının dəstəklənməsi məsələlərinə diqqət yetirilib.

Tsinxua Universitetində keçirilən görüşdə isə Q.Xəlilov universitetin Akademik məsələlər üzrə ofisinin direktor müavini Quo Yutaonun da yer aldığı rəhbər heyətlə  bir araya gəlib.

Tərəflər arasında aparılan müzakirələr zamanı Tsinxua Universitetinin təqdim etdiyi akademik imkanlar, beynəlxalq tələbələrin qəbul prosedurları və təqaüd mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Dövlət Proqramı çərçivəsində təhsil almaq istəyən azərbaycanlı namizədlərin universitetin müvafiq proqramlarına cəlb edilməsi, elmi tədqiqat və innovasiya sahələrində əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin tələbə və tədqiqatçıların akademik mobilliyinin dəstəklənməsi imkanları nəzərdən keçirilib.

Görüşlərdə DPİQ rəhbəri Qədir Xəlilov Dövlət Proqramının məqsədləri, prioritet ixtisas istiqamətləri və maliyyələşdirmə mexanizmləri barədə məlumat verərək proqramın Azərbaycanın insan kapitalının inkişafına və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına yönəldiyini diqqətə çatdırıb. Eyni zamanda xarici ali təhsil müəssisələri ilə qurulan tərəfdaşlıq əlaqələrinin yalnız tələbələrin təhsil imkanlarının genişləndirilməsi ilə məhdudlaşmadığı, həm də elmi bilik və təcrübə mübadiləsinin təşviqinə, yeni akademik təşəbbüslərin formalaşdırılmasına və beynəlxalq əməkdaşlığın davamlı inkişafına xidmət etdiyi vurğulanıb.

Hər iki universitetlə müzakirələr çərçivəsində birgə akademik təşəbbüslərin həyata keçirilməsi, ikili diplom proqramlarının yaradılması, eləcə də tələbə və məzunların ixtisaslarına uyğun praktiki bilik və bacarıqlar əldə etmələrinə şərait yaradılması kimi potensial əməkdaşlıq istiqamətləri də diqqət mərkəzində olub.

Şençjen şəhərində keçirilən görüşlər Dövlət Proqramı çərçivəsində Çin Xalq Respublikasının qabaqcıl ali təhsil müəssisələri ilə əlaqələrin inkişaf etdirilməsi, Azərbaycanlı gənclər üçün beynəlxalq təhsil imkanlarının şaxələndirilməsi və elm, təhsil və innovasiya sahələrində yeni əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

Qalereya