Ümumi məlumat
Azərbaycan Respublikasının Prezidentinin 711 nömrəli 2018-ci il 16 noyabr tarixli  Sərəncamı təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın 3.1-ci bəndinə uyğun olaraq, Dövlət Proqramı çərçivəsində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 (beş) beynəlxalq ikili diplom proqramının təsis olunması və onların icrasına dair monitorinqin nəticələrinə uyğun olaraq layihənin davam etdirilməsi, bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində inzibati heyətin təlimi proqramlarının, elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər) heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi nəzərdə tutulur.
 
 
Hazırda 6 beynəlxalq ikili diplom proqramı (2 bakalavriat, 4 magistratura təhsil səviyyəsi üzrə) həyata keçirilməkdədir. Bunlar:
 
  • ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil və İnsan kapitalının inkişafı" ixtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı;
  • ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” və "Elektrik və elektroenergetika mühəndisliyi" ixtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı;
  • Cənubi Koreya Respublikasının INHA Universiteti ilə Bakı Mühəndislik Universitetinin "İnşaat mühəndisliyi", "Elektrik mühəndisliyi", "Elektronika mühəndisliyi", "İnformasiya texnologiyaları" ixtisasları üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı;
  • Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqronomluq”, "Aqromühəndislik", "Bitki mühafizəsi" və "İqtisadiyyat" ixtisasları üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı.
  •  İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) ilə Bakı Dövlət Universitetinin "Biotexnologiya" ixtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı;
  • İngiltərənin Vorvik Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Bərpa olunan enerji mənbələri" ixtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı.