• 12.11.2026
  • 35
Dövlət Proqramı təqaüdçüləri ABŞ və Böyük Britaniyada Zəfər Gününə həsr olunmuş tədbirlərdə iştirak ediblər

8 Noyabr – Zəfər Günü münasibətilə ABŞ və Böyük Britaniyada təşkil olunan müxtəlif tədbirlərdə Dövlət Proqramı təqaüdçüləri fəal iştirak edərək Azərbaycanın tarixi qələbəsinin beynəlxalq ictimaiyyətə tanıdılmasına və milli-mədəni dəyərlərimizin təbliğinə töhfə veriblər. Təqaüdçülərimiz bu istiqamətdə keçirilən tədbirlərə qatılmaqla yanaşı, Zəfər Gününə həsr olunmuş təşəbbüslərin təşkilində də yaxından iştirak ediblər.

 

Böyük Britaniyanın Nottinqem şəhərində yerləşən Nottinqem Universitetində Zəfər Gününə həsr olunmuş maarifləndirici tədbir universitetin Azərbaycan Tələbə Cəmiyyətinin təşəbbüsü ilə təşkil edilib. Cəmiyyətin rəhbəri olan Dövlət Proqramı təqaüdçüsü Əli Hudulov tədbirin həyata keçirilməsində birbaşa rol oynayıb.

 

Azərbaycanlı və müxtəlif ölkələrdən olan tələbələrin, o cümlədən Dövlət Proqramı təqaüdçülərinin iştirak etdiyi tədbirdə 44 günlük Vətən müharibəsi, Şuşanın azad olunması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri haqqında məlumat verilib. Görüşün əsas məqsədi Azərbaycanın müasir tarixində mühüm yer tutan Zəfərin tarixi əhəmiyyətini beynəlxalq tələbə ictimaiyyətinə çatdırmaq və ölkəmizin milli-mədəni irsi barədə məlumatlılığı artırmaq olub.

 

ABŞ-nin Nyu-York şəhərində isə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Zəfərdən Gələcəyə: Gənclər, İnkişaf və Yeni İmkanlar” adlı tədbir keçirilib. Tədbirin açılışında Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Cavid İsmayılov çıxış edərək tarixi zəfərin əhəmiyyətindən danışıb.

 

Tədbir çərçivəsində təşkil olunan panel müzakirəsində gənclərin beynəlxalq təhsil imkanları, akademik və peşəkar inkişaf perspektivləri, eləcə də ölkənin gələcəyinə töhfə vermək istiqamətində üzərlərinə düşən vəzifələr diqqət mərkəzində olub.

 

Böyük Britaniyanın London şəhərində isə Zəfər Günü münasibətilə Kral Musiqi Kollecinin (Royal College of Music) “Amaryllis Fleming” konsert zalında keçirilən tədbirdə də Dövlət Proqramı təqaüdçüləri iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsi, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası, Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan diasporunun nümayəndələrini, incəsənət xadimlərini və Böyük Britaniyada yaşayan həmvətənlərimizi bir araya gətirib.

 

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov və Türkiyənin bu ölkədəki səfirliyinin birinci müşaviri Əlvan Hacıəfəndioğlu çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətini, milli birlik və həmrəyliyin vacibliyini vurğulayıblar.

 

Konsert proqramında Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, pianoçu Vüsalə Babayeva, müğənni Emin Eminzadə və digər incəsənət nümayəndələri Azərbaycan və dünya musiqisindən seçilmiş əsərləri səsləndiriblər. Tədbir iştirakçıları tərəfindən vətənpərvərlik ruhunda mahnıların birgə ifası Zəfər Gününə həsr olunmuş proqramın yaddaqalan məqamlarından biri olub.

 

Dövlət Proqramı təqaüdçülərinin xaricdə keçirilən bu cür tədbirlərdə iştirakı və fərdi təşəbbüsləri onların beynəlxalq akademik mühitdə Azərbaycanın təmsil olunmasına, ölkəmizin tarixinin və mədəni irsinin tanıdılmasına, eləcə də xaricdəki Azərbaycan tələbə icmaları arasında əlaqələrin və həmrəyliyin gücləndirilməsinə verdikləri töhfənin göstəricisidir.

 

Qalereya