• 07.11.2026
  • 29
Honq-Konqda təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə Zəfər Gününə həsr olunmuş görüş keçirilib

Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Qədir Xəlilovun Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Honq-Konqun nüfuzlu ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. 

 

Görüş zamanı 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizə və əldə olunan tarixi qələbənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Vətən müharibəsində xalqımızın göstərdiyi birlik və həmrəylik, müharibə iştirakçılarımızın qəhrəmanlığı və ölkəmizin suverenliyinin təmin olunması istiqamətində əldə edilən nailiyyətlər diqqətə çatdırılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Görüşdə çıxış edən Qədir Xəlilov xaricdə təhsil alan azərbaycanlı gənclərin beynəlxalq akademik mühitdə ölkəmizi layiqincə təmsil etməsinin, Azərbaycanın tarixi, mədəniyyəti haqqında həqiqətlərin və müasir inkişafı barədə məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, dünyanın müxtəlif ölkələrində təhsil alan gənclər yalnız bilik və peşəkar bacarıqlar əldə etməklə kifayətlənməməli, eyni zamanda Azərbaycanın beynəlxalq müstəvidə tanıdılmasında və xalqlar arasında mədəni əlaqələrin inkişafında fəal iştirak etməlidirlər.

 

Bu istiqamətdə tələbələrin universitetlərdə təşkil olunan beynəlxalq tədbirlərdə, elmi konfranslarda, tələbə birliklərində və müxtəlif sosial-mədəni təşəbbüslərdə iştirakının vacibliyi qeyd edilib. Qədir Xəlilov Dövlət Proqramı təqaüdçülərini təhsil aldıqları ali təhsil müəssisələrinin təqdim etdiyi akademik və sosial imkanlardan səmərəli şəkildə yararlanmağa, beynəlxalq tələbə icmaları ilə əlaqələr qurmağa, eləcə də Azərbaycanı təmsil edən təşəbbüslərin həyata keçirilməsində fəallıq göstərməyə dəvət edib.

 

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, onların ehtiyac və təklifləri ətrafında müzakirələr aparılıb.

 

 

Qalereya