• 06.11.2026
  • 29
Dövlət Proqramı İdarəetmə Qrupu Çinin aparıcı universitetləri ilə əməkdaşlığı gücləndirir

Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Qədir Xəlilovun Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində keçirdiyi görüşlər davam edir.

 

Səfər çərçivəsində Qədir Xəlilov Şanxay Ciao Ton Universitetinin (Shanghai Jiao Tong University) vitse-prezidenti Liu Veydonq və Fudan Universitetinin (Fudan University) prezidentinin köməkçisi Çen Yan ilə görüşlər keçirib. Görüşlər zamanı ali təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, Dövlət Proqramı çərçivəsində yeni akademik imkanların yaradılması və universitetlərlə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub.

 

Görüşlərdə Azərbaycan və Çin arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb, son illərdə hər iki ölkənin dövlət başçıları səviyyəsində aparılan yüksək səviyyəli dialoqun ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfələr qeyd edilib. Bildirilib ki, ölkələr arasında müxtəlif sahələrdə genişlənən əməkdaşlıq təhsil və elm istiqamətində də yeni tərəfdaşlıq imkanları yaradır. Bu baxımdan Dövlət Proqramı İdarəetmə Qrupu ilə Çinin nüfuzlu universitetləri arasında birbaşa əlaqələrin qurulmasının mövcud təhsil əməkdaşlığının şaxələndirilməsinə və birgə akademik təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.

 

Müzakirələrin əsas istiqamətlərindən birini Azərbaycan və Çin ali təhsil müəssisələri arasında birgə ikili diplom proqramlarının yaradılması imkanları təşkil edib. Bu çərçivədə universitetlərin akademik potensialından qarşılıqlı faydalanmaqla beynəlxalq standartlara uyğun birgə təhsil proqramlarının formalaşdırılması, tədris və akademik əməkdaşlığın formalaşdırılması perspektivləri nəzərdən keçirilib.

 

Bununla yanaşı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın prioritet ixtisas istiqamətləri üzrə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb. Hər iki universitetdə tədris olunan müvafiq bakalavriat, magistratura və doktorantura proqramlarının Dövlət Proqramının prioritetlərinə uyğunluğunun qiymətləndirilməsi, namizədlər üçün sözügedən universitetlərdə proqram seçimlərinin genişləndirilməsi, eləcə də azərbaycanlı gənclərin bu ali təhsil müəssisələrində təhsil imkanlarına çıxışının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Fudan Universitetinin nümayəndələri ilə görüşdə, həmçinin “JUSTCOOL” doktorantura proqramı çərçivəsində azərbaycanlı namizədlər üçün təhsil imkanlarının genişləndirilməsi imkanları nəzərdən keçirilib.

 

İşgüzar görüşlər çərçivəsində Qədir Xəlilov universitetlərin kampusları və tələbələr üçün yaradılmış tədris və tədqiqat infrastrukturu, tələbələrin akademik fəaliyyətini dəstəkləyən imkanlar, eləcə də universitet mühitində təhsilalanların hərtərəfli inkişafına yönəlmiş şəraitlə yaxından tanış olub.

 

 

Qalereya