• 03.11.2026
  • 15
Dövlət Proqramı iştirakçıları NASCO29-da elmi tədqiqatlarını təqdim ediblər

Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) keçirilib.
 

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutan konfransda ölkənin bütün regionlarından, eləcə də xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı doktorant və gənc tədqiqatçılar iştirak ediblər. 

 

Konfransda Dövlət Proqramı çərçivəsində Oksford, Belqrad, Gent, Berlin Texniki, Riphah Beynəlxalq, Rusiya Dövlət İdarəetmə, İstanbul, İstanbul Beykent və İstanbul Gedik universitetlərində, eləcə də digər nüfuzlu ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı doktorant və gənc tədqiqatçılar elmi araşdırmalarını təqdim ediblər.
 

Konfransa 123 elm və təhsil müəssisəsindən ümumilikdə 1627 məqalə və tezis təqdim edilib. Texniki və elmi komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçı tərəfindən təqdim olunan 1028 elmi iş konfransın proqramına daxil edilib. NASCO tarixində iştirakçı sayına və əhatə dairəsinə görə ən böyük konfrans olan tədbir Azərbaycan universitetlərində təşkil edilən irihəcmli elmi konfranslardan biri kimi diqqət çəkir.
 

Konfrans hibrid formatda təşkil olunub. Proqrama daxil edilən tədqiqatçılardan 504 -ü əyani, 878-i isə onlayn iştirak edib. Ümumilikdə 1028 elmi məruzədən 370-i əyani, 658-i onlayn bölmə iclaslarında dinlənilib. Dinləyicilərlə birlikdə tədbirin ümumi iştirakçı sayı 5000-dən çox olub.
 

Elmi işlərin təqdim olunduğu 123 müəssisədən 104-ü yerli, 19-u isə xarici ölkələrin aparıcı ali təhsil və elmi mərkəzləridir. 
 

Tədbirdə dövlət və hökumət rəsmiləri, 40-dan çox ali təhsil müəssisəsinin rektoru, elmi-tədqiqat institutlarının direktorları və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər. 
 

Qeyd edək ki, NASCO29 konfransı gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılması, elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və ölkəmizdə elmin gələcək inkişafına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 

 

Qalereya