• 03.11.2026
  • 34
DPİQ və SABAH.city Azərbaycanın elm və innovasiya ekosistemini birləşdirən təşəbbüsləri müzakirə edib

Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) və SABAH.city nümayəndələri arasında görüş keçirilib. Görüşdə Dövlət Proqramının təqaüdçü və məzunlarının elmi tədqiqatlarının yerli innovasiya ekosistemində tətbiqi və startap təşəbbüslərinin dəstəklənməsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

 

Görüşün əsas müzakirə istiqamətlərindən biri “SABAH Venture Scientist” layihəsi olub. Layihə çərçivəsində elmi nəticələrin kommersiyalaşdırılması, tədqiqatlara əsaslanan biznes təşəbbüslərinin yaradılması və tədqiqatçıların sahibkarlıq fəaliyyətinə cəlb olunması imkanları nəzərdən keçirilib. Bununla əlaqədar, xaricdə doktorantura təhsili alan və təhsilini tamamlamış Dövlət Proqramı iştirakçılarının tədqiqatlarının Azərbaycanın konkret ehtiyac və problemlərinin həllinə yönəldilməsi məsələsinə də toxunulub.

 

Görüşdə öz startapını yaradan və ya bu istiqamətdə çalışan təqaüdçü və məzunların müəyyənləşdirilməsi, SABAH.city-nin layihələrində iştirakı və təşəbbüslərinin inkişafı üçün dəstək imkanları müzakirə edilib. Dövlət Proqramı iştirakçıları və məzunları üçün SABAH.city və tərəfdaşları ilə birgə təcrübə imkanlarının yaradılması, onların real layihələrə cəlb olunması da gündəlikdə yer alıb.

 

DPİQ-in beynəlxalq əlaqələri vasitəsilə dünyanın nüfuzlu universitetlərinin professorlarının elmi və innovativ layihələrə, mentorluq fəaliyyətinə və təcrübə mübadiləsinə cəlb olunması barədə də fikir mübadiləsi aparılıb.

 

Tərəflər həmçinin SABAH.city tərəfindən ikili diplom proqramlarının təşkili və bu proqramlar üzrə təhsilin Dövlət Proqramı çərçivəsində maliyyələşdirilməsi imkanlarını nəzərdən keçiriblər.

 

Görüşün yekununda müəyyən edilmiş əməkdaşlıq istiqamətləri üzrə danışıqların davam etdirilməsi üzrə razılığa gəlinib.

 

 

Qalereya