• 26.10.2026
  • 43
Bristol Universitetində Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin təşəbbüsü və Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə Bristol Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib.

 

Görüşdə səfirliyin təhsil məsələləri üzrə müşaviri Rəşad Xanlarov iştirak edib.

 

Görüş zamanı tələbələrin akademik mühitə uyğunlaşması, universitetin təqdim etdiyi təhsil və tədqiqat imkanlarından istifadəsi, təhsil müddətində qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb və gələcək inkişaf planları ilə bağlı fikirləri dinlənilib.

 

Müzakirələrdə tələbələrin ehtiyaclarının müəyyənləşdirilməsi və qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün mümkün dəstək mexanizmləri nəzərdən keçirilib. Bununla yanaşı, azərbaycanlı gənclərin universitetin beynəlxalq tələbə mühitində ölkəmizin mədəniyyətini tanıtmaq istiqamətində iştirak imkanlarına diqqət yetirilib.

 

Görüşdə səfirliyin Birləşmiş Krallıqda təhsil alan azərbaycanlı gənclərlə əlaqələrinin genişləndirilməsi, onların akademik və sosial təşəbbüslərinin dəstəklənməsi, eləcə də Azərbaycan tələbə icmaları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə də toxunulub.

 

Sonda təqaüdçülərin sualları cavablandırılıb və səsləndirdikləri təkliflər dinlənilib.