• 26.10.2026
  • 44
ADAU-Ege Beynəlxalq İkili Diplom Proqramının Rəhbər Komitəsinin növbəti görüşü keçirilib

“Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının Rəhbər Komitəsinin görüşü keçirilib.

 

İclasda ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Musa Alcı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aparat rəhbəri Azad Cəfərli, Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, Beynəlxalq ikili diplomlar şöbəsinin müdiri Aytən Şadlinskaya, eləcə də hər iki universitet və KTN-ni təmsil edən digər rəhbər şəxslər iştirak ediblər.

 

ADAU-nun rektoru Zəfər Qurbanov çıxışında qonaqları salamlayaraq iki universitet arasında əməkdaşlığın inkişafından və ikili diplom proqramının əldə etdiyi nəticələrdən bəhs edib. O, proqramın aqrar sahə üzrə müasir bilik və praktiki bacarıqlara malik mütəxəssislərin hazırlanmasında əhəmiyyətini vurğulayıb, tədrisin keyfiyyətinin yüksəldilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və tələbələrin peşəkar inkişafı istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edib.

 

Ege Universitetinin rektoru Musa Alcı ADAU ilə tərəfdaşlığın əhəmiyyətindən danışaraq ikili diplom proqramının hər iki universitet üçün yeni imkanlar yaratdığını bildirib. O, tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə möhkəmləndirilməsinin, eləcə də aqrar təhsil sahəsində birgə təşəbbüslərin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

 

KTN-nin Aparat rəhbəri Azad Cəfərli çıxışında proqramın ölkəmizin aqrar sektoru üçün əhəmiyyətini vurğulayıb. O, müasir texnologiyaları mənimsəyən, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasında beynəlxalq əməkdaşlığın və qabaqcıl təcrübənin öyrənilməsinin mühüm rol oynadığını bildirib.

 

Daha sonra Ege Universitetinin Kənd Təsərrüfatı fakültəsinin dekanı İsmayıl Can Paylan proqram çərçivəsində tələbələrin istehsalat təcrübəsinin nəticələrinə dair yekun hesabatı təqdim edib. Hesabat ətrafında müzakirələr aparılıb, təcrübənin təşkili və nəticələrinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi edilib.

 

Daha sonra iclasda cari məsələlər müzakirə olunub.

 

Onlayn formada görüşə qoşulan Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov müzakirə olunan məsələlərə münasibət bildirərək öz təkliflərini səsləndirib.

 

Görüşün sonunda qarşıda duran vəzifələr, nəzərdə tutulan birgə layihələrin icrası və əməkdaşlığın növbəti mərhələləri müzakirə olunub.

 

Proqram üzrə rəhbər komitənin görüşündən sonra qonaqlar ADAU-nun müasir laboratoriyaları, ADAU TV internet televiziyası və tədris-təcrübə təsərrüfatı ilə tanış olublar.

 

Qalereya