• 21.10.2026
  • 41
DPİQ dünyanın aparıcı universitetləri ilə əməkdaşlığı genişləndirməyə davam edir

Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə akademik tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, tələbələrə göstərilən dəstəyin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

 

Bu çərçivədə DPİQ-in rəhbəri Qədir Xəlilov Birləşmiş Krallığın “University of Warwick”, “University of Birmingham” və “University of Manchester”, ABŞ-nin “University of Chicago”, eləcə də Çin Xalq Respublikasının “Hong Kong Polytechnic University” universitetlərinin nümayəndələri ilə görüşlər keçirib.

 

Universitetlərin beynəlxalq əlaqələr və tələbə qəbulu üzrə məsul nümayəndələrinin iştirak etdiyi görüşlərdə Dövlət Proqramı çərçivəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri, tələbələrin akademik fəaliyyətinin izlənilməsi və Azərbaycan ali təhsil müəssisələri ilə yeni tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşlərin əsas müzakirə istiqamətini Dövlət Proqramı çərçivəsində müəyyən edilmiş 15 prioritet ixtisas sahəsi üzrə təhsil imkanlarının genişləndirilməsi təşkil edib. Bu sahələrdə universitetlərin akademik potensialı, mövcud tədris proqramları ilə bağlı müzakirələr aparılıb. Eyni zamanda prioritet sahələr üzrə tələbə qəbulunun təşviqi və universitetlərlə məlumat mübadiləsinin daha səmərəli təşkili imkanları qiymətləndirilib.

 

Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq akademik əlaqələrinin inkişafı da görüşlərin gündəliyində yer alıb. Bu istiqamətdə xarici universitetlərlə birgə ikili diplom proqramlarının hazırlanması, eləcə də ali təhsil müəssisələri arasında institusional əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

 

Bununla yanaşı, Dövlət Proqramı məzunlarının universitetlərlə əlaqələrinin davam etdirilməsi, onların beynəlxalq akademik şəbəkələrə inteqrasiyası və birgə elmi, peşəkar təşəbbüslərdə iştirak imkanlarının artırılması məsələlərinə toxunulub, həmçinin tələbələrin universitet mühitinə uyğunlaşması, təhsil müddətində qarşılaşdıqları sosial və inzibati məsələlərin həlli, mövcud dəstək xidmətlərindən istifadəsinin asanlaşdırılması imkanları nəzərdən keçirilib.

 

Görüşlərin yekununda tərəflər müəyyən edilmiş əməkdaşlıq istiqamətləri üzrə danışıqların davam etdirilməsi üzrə razılığa gəliblər.

 

Qalereya