• 20.10.2026
  • 21
Dövlət Proqramı təqaüdçüləri tərəfindən MIT Azərbaycanlı Tələbələr Birliyi yaradılıb

Dövlət Proqramı təqaüdçüləri Nəzrin Balayeva və Nihat Hacıyev tərəfindən ABŞ-də yerləşən Massaçusets Texnologiya İnstitutunda (MIT) Azərbaycanlı Tələbələr Birliyi yaradılıb. MIT daxilində fəaliyyət göstərən tələbə təşkilatının məqsədi Azərbaycanın mədəniyyəti, tarixi və müasir inkişafı haqqında məlumatlılığı artırmaq, ölkəmizi layiqincə təmsil etmək və mədəniyyətlərarası dialoqu təşviq etməkdir.

 

Birlik azərbaycanlı tələbələrlə yanaşı, Azərbaycan və bütövlükdə Qafqaz regionu ilə maraqlanan MIT icmasının digər üzvləri üçün də açıq platforma kimi fəaliyyət göstərir. Təşkilat müxtəlif mədəniyyətlərdən olan tələbələr arasında ünsiyyət və əməkdaşlığı genişləndirməyi, universitet daxilində Azərbaycanla bağlı təşəbbüslərdə iştirak imkanları yaratmağı hədəfləyir.

 

Birliyin idarə heyətində Dövlət Proqramı təqaüdçüsü Nəzrin Balayeva prezident və həmtəsisçi, Nihat Hacıyev isə vitse-prezident və həmtəsisçi kimi təmsil olunurlar. Təqaüdçülərimiz təşkilatın strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində, müvafiq fəaliyyət planının hazırlanmasında, tədbirlərin təşkilində və universitet daxilində azərbaycanlı tələbə icmasının təmsil olunmasına dair işlərin koordinasiyasında birbaşa iştirak edirlər.

 

Təşkilatın əsas fəaliyyət istiqamətlərinə mədəni, sosial və maarifləndirici tədbirlərin keçirilməsi, Azərbaycan mədəniyyətinin və milli dəyərlərinin tanıdılması, milli bayramların və əlamətdar günlərin qeyd olunması daxildir. Bununla yanaşı, azərbaycanlı tələbələr arasında əlaqələrin möhkəmləndirilməsi, akademik və peşəkar şəbəkələşmə imkanlarının yaradılması nəzərdə tutulur.

 

Birlik bu fəaliyyətlərlə MIT-də azərbaycanlı tələbələri bir araya gətirməyi və gələcək illərdə də fəaliyyətini davam etdirən Azərbaycan icmasının formalaşmasına töhfə verməyi qarşıya məqsəd qoyur.