Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) ilə “Boston Consulting Group” (BCG) şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Dövlət Proqramı iştirakçılarının və məzunlarının peşəkar inkişafının dəstəklənməsi və karyera imkanlarının genişləndirilməsi məqsədilə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bu istiqamətdə birgə təlimlərin və karyera sərgilərinin təşkili, eləcə də Dövlət Proqramı iştirakçılarının və məzunlarının şirkətin təcrübə proqramlarında iştirakı ilə bağlı məsələlər nəzərdən keçirilib. Həmçinin BCG-də mövcud vakansiyalar barədə məlumatların mütəmadi paylaşılması və uyğun məzunların yönləndirilməsi barədə razılıq əldə olunub.
Bundan başqa gənclərin beynəlxalq iş mühiti ilə tanışlığına və peşəkar əlaqələrinin genişləndirilməsinə töhfə vermək məqsədilə London, Milan və İstanbulda təhsil alan Dövlət Proqramı təqaüdçülərinin şirkətin bu şəhərlərdə təşkil etdiyi tədbirlərə cəlb edilməsinə dair qərar qəbul edilib.
Görüşdə əməkdaşlığın rəsmiləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə tərəflər arasında sazişin imzalanması imkanı da müzakirə olunub.