• 09.09.2026
  • 78
ADNSU–Vorvik ikili diplom proqramının tədris bazasını gücləndirəcək yeni mərkəz və laboratoriyalar istifadəyə verilib

Sentyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bp şirkətinin sosial sərmayəsi hesabına yaradılan “Bərpa olunan enerji resursları” mərkəzi və laboratoriyalarının açılış mərasimi keçirilib.

 

1000 kvadratmetr sahəni əhatə edən yeni mərkəz və laboratoriyalar müasir texnologiyalarla təchiz olunmaqla tələbə və tədqiqatçıların bərpa olunan enerji sahəsində nəzəri biliklərini praktiki məşğələlərlə möhkəmləndirməsinə, müasir avadanlıq və texnoloji həllərlə işləmək bacarıqlarının inkişafına imkan yaradacaq.

 

Açılış mərasimində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti, ADNSU rəhbərliyi, aidiyyəti dövlət qurumlarının, bp şirkətinin və tərəfdaş təşkilatların nümayəndələri, professor-müəllim heyəti, tələbələr, gənc tədqiqatçılar və media nümayəndələri iştirak ediblər.

 

Açılış mərasimində iştirakçılara yeni mərkəz və laboratoriyaların texniki və funksional imkanları təqdim olunub. Qeyd edilib ki, laboratoriyaların ADNSU-nun təhsil mühitinə inteqrasiyası tələbə yönümlü praktiki hazırlığın gücləndirilməsinə, tədrisin müasir texnologiyalarla əlaqələndirilməsinə və tələbələrin peşəkar kompetensiyalarının inkişafına şərait yaradacaq.

 

Yeni laboratoriyalar həmçinin ADNSU ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında həyata keçirilən bərpa olunan enerji üzrə ikili diplom magistr proqramının tədris bazasının gücləndirilməsinə xidmət edəcək. Bu baxımdan mərkəz həm tədris, həm də elmi-tədqiqat fəaliyyəti üçün mühüm platforma rolunu oynayacaq.

 

Qeyd edək ki, “Bərpa olunan enerji resursları” mərkəzi və laboratoriyalarının yaradılması bp-nin bərpa olunan enerji sahəsində ixtisaslaşan yeni nəsil yerli mühəndislərin hazırlanmasına yönəlmiş 2 milyon ABŞ dolları məbləğində sosial sərmayə təşəbbüsünün yekun hissəsidir. Təşəbbüs 2021-ci ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə bp arasında yerli universitetlərin birində bərpa olunan enerji mənbələri üzrə proqramın yaradılması ilə bağlı imzalanmış əməkdaşlıq haqqında niyyət protokoluna əsaslanır.

 

Açılış tədbiri çərçivəsində ADNSU-nun gənc tədqiqatçıları və ikili diplom proqramının iştirakçıları ilə görüş də keçirilib. Görüş zamanı yeni tədqiqat imkanları, elmi fəaliyyətin inkişafı və sənaye ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Qalereya