• 08.09.2026
  • 52
Birləşmiş Krallıqda təhsil alacaq Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirilib

2026/2027-ci tədris ili üzrə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanan Dövlət Proqramı təqaüdçüləri ilə onlayn görüş keçirilib.

 

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin təşəbbüsü ilə təşkil olunan görüşdə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, səfirliyin təhsil məsələləri üzrə müşaviri Rəşad Xanlarov, siyasi məsələlər üzrə məsul əməkdaşı Eltay Aslanov və konsulluq məsələləri üzrə məsul əməkdaşı Kamal Binyatlı iştirak ediblər.

 

Görüş zamanı təqaüdçülərə Birləşmiş Krallığa yola düşməzdən əvvəl görülməsi zəruri olan işlər, viza prosedurlarına hazırlıq, eləcə də təhsil ölkəsində ilk günlərdə qarşılaşa biləcəkləri məsələlər barədə ətraflı məlumat verilib.

 

Tələbələrə yeni mühitə daha sürətli uyğunlaşmaq və təhsil prosesinə uğurla başlamaq üçün müvafiq tövsiyələr təqdim olunub.

 

Görüş çərçivəsində Birləşmiş Krallığın ali təhsil sistemi və akademik mühitinin əsas xüsusiyyətləri, mövcud təhsil mədəniyyəti və tələbələrdən gözləntilər barədə də məlumat verilib. Gənclərə akademik məsləhətçilərlə mütəmadi əlaqə saxlamaq, universitetin qiymətləndirmə qaydaları ilə əvvəlcədən tanış olmaq və akademik tapşırıqların son təqdimetmə tarixlərini diqqətlə izləmək tövsiyə edilib.

 

Görüşdə həmçinin tələbələrin ehtiyac yarandığı hallarda müraciət edə biləcəkləri dəstək mexanizmləri və müvafiq qurumlar barədə məlumat təqdim olunub.

 

Səfirliyin azərbaycanlı tələbələrə akademik və konsulluq məsələləri, icma ilə əlaqələrin qurulması, eləcə də milli-mədəni təşəbbüslərin həyata keçirilməsi istiqamətlərində dəstək göstərməyə hazır olduğu bildirilib.

 

Görüşün sonunda təqaüdçülərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.