Dövlət Proqramı təqaüdçüsü Ayan Məmmədli ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Kaliforniya Universitetinin Berkli kampusunda “Elektrik mühəndisliyi və kompüter elmləri + Biznes” ixtisası üzrə bakalavriat təhsili alır. O, universitet auditoriyalarında qazandığı biliklərlə kifayətlənmir, yeni layihələrə qoşulur, ideyalarını real mühitdə sınaqdan keçirir və hər təcrübəni növbəti addımı üçün fürsətə çevirir.
Sosial təsir yaradan təşəbbüslərinə görə daha əvvəl nüfuzlu “Diana” mükafatına layiq görülən Ayan bu dəfə innovasiya dünyasının mərkəzində təcrübə keçmək imkanı qazanıb. Bu təcrübəni xüsusi edən məqamlardan biri onun dünyanın ən nüfuzlu startap akseleratorlarından sayılan “Y Combinator” ekosisteminə daxil olmasıdır. O, yay aylarında “Y Combinator” tərəfindən dəstəklənən “HABIT” startapında çalışaraq texniki biliklərini real məhsullar üzərində tətbiq edib.
Ayanın yay təcrübəsi bununla kifayətlənməyib. O, xüsusi seçim əsasında iki günlük “Y Combinator Startup School” tədbirində iştirak hüququ qazanıb. Burada təqaüdçümüz “OpenAI” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Sem Altman, “NVIDIA” şirkətinin təsisçisi və baş icraçı direktoru Censen Huanq, “Google Research” və “Google DeepMind”ın baş elmi işçisi Ceff Din, eləcə də “Meta”nın süni intellekt üzrə baş direktoru və “Meta Superintelligence Labs”ın rəhbəri Aleksandr Vanq kimi texnologiya dünyasının aparıcı simalarının çıxışlarını dinləyib.
Onunla müsahibəmizdə dünya reytinq sistemlərinin ilk onluğunda yer alan universitetlərdən birində tələbə olmağın maraqlı tərəflərindən, startap mühitində qazandığı təcrübədən və gəncləri ideyalarını reallaşdırmağa yaxınlaşdıran seçimlərdən danışmışıq.
Sem Altman, Censen Huanq və digər texnologiya liderlərinin çıxışlarında eşitdiyiniz hansı fikir və ya yanaşma sizin üçün daha yaddaqalan oldu?
Bir neçə fikir məndə ciddi iz buraxdı. İlk olaraq Censen Huanqın öz karyerası haqqında bölüşdükləri: o, “NVIDIA”nın əslində yanlış yanaşma ilə başladığını və şirkətin ilk illərdə iflasa çox yaxın olduğunu açıq şəkildə söylədi. Mənə ən çox təsir edən uğursuzluğu sonradan strategiya kimi təqdim etməməsi oldu: reallığı olduğu kimi qəbul etmək və qərarı ondan sonra vermək.
İkincisi, avtonom texnologiyalara baxışla bağlı yanaşması: Censen Huanq çıxışında robotların inkişafında “ChatGPT” miqyasında dönüş nöqtəsindən və fiziki süni intellekt anlayışından danışdı. Onun fikirlərindən çıxardığım əsas nəticə budur ki, sürücüsüz texnologiyaları yalnız taksi xidməti kontekstində qiymətləndirmək bu sahənin potensialını məhdudlaşdırır. Fiziki süni intellektə əsaslanan avtonom sistemlər çatdırılma, logistika və sənaye proseslərində də tətbiq oluna bilər. Başqa sözlə, taksi xidməti avtonomluğun özü deyil, onun mümkün tətbiqlərindən yalnız biridir.
"Y Combinator" adı gənclərə çox böyük və əlçatmaz görünə bilər. Belə proqramlara müraciət etmək istəyən, lakin "mənim kifayət qədər güclü ideyam yoxdur" deyən bir gəncə hansı ilk addımı tövsiyə edərdiniz?
Bu yay startap mühitində işləyərkən öyrəndiyim ən mühüm şeylərdən biri budur: investorlar əksər hallarda ideyaya yox, insanlara investisiya edirlər.
İdeya dəyişkəndir, bazar yenilənə, yeni texnologiyalar yarana və məlumatların həcmi arta bilər. “Y Combinator”a qəbul olunan komandaların böyük hissəsi də bir müddət sonra tamamilə fərqli məhsul üzərində işləməyə başlayır. Yəni müraciət zamanı təqdim etdiyin ideya çox vaxt son ideyan olmur. Əsas qiymətləndirilən isə sənin düşüncə tərzin və nə qədər sürətlə öyrənə bildiyindir.
Ona görə də “kifayət qədər güclü ideyam yoxdur” deyənlərə tövsiyəm budur: mükəmməl ideyanın yaranmasını gözləməyin, sadəcə cəhd edin. Dərsdən və işdən kənarda sizi, həqiqətən, maraqlandıran mövzuların arxasınca gedin. Güclü ideyalar adətən bir otaqda oturub düşünməklə deyil, məhz prosesin içində formalaşır.
Kənardan baxanda yolunuz ardıcıl uğurlardan ibarət görünür. Bəs bu uğurların arxasında "LinkedIn" profilində görünməyən hansı çətinlik, tərəddüd və ya uğursuz cəhd dayanır?
“LinkedIn” profili prosesin deyil, nəticələrin siyahısıdır. Orada yalnız “hə” cavabları görünür, “yox” cavabları isə heç yerdə qeyd olunmur. Qəbul olunduğum hər proqramın arxasında cavabsız qalan onlarla müraciət, baş tutmayan müsahibə və yarımçıq qalan layihə dayanır.
Uğur qazanan insan çox vaxt uğursuzluqdan sonra yenidən cəhd edən insandır. Fərq ondadır ki, adətən heç kim prosesin bu hissəsini paylaşmır. Mənim yanaşmam belədir: etdiyin cəhdin uğursuz olma ehtimalı var, amma etmədiyin cəhdin uğursuzluq ehtimalı yüz faizdir. Buna görə də “alınmasa, nə olacaq?” sualını “heç cəhd etməsəm, nə itirəcəyəm?” sualı ilə əvəz etməyə çalışıram.
Universitetin təqdim etdiyi imkanlar çoxdur, amma onların hamısından istifadə etmək mümkün deyil. Siz bir tədbirin, layihənin və ya komandanın qoşulmağa dəyər olduğunu necə müəyyənləşdirirsiniz?
Doğrudan da, hər gün onlarla dəvət məktubu gəlir və onların hamısında iştirak etmək fiziki baxımdan mümkün deyil.
Universitetdə professorlarımdan biri mənə sadə, lakin çox faydalı bir məsləhət vermişdi: “Vaxtın varsa, araşdır”. İnsanlar əksər hallarda əslində nə istədiklərini bilmirlər. Tutaq ki, maliyyə sahəsi üzrə bir tədbirdə iştirak etdin və tədbirdən sonra bu sahənin sənə uyğun olmadığını anladın. Bu, vaxt itkisi deyil, artıq nə istəmədiyini dəqiq bilirsən.
Bu yanaşma məni xeyli rahatlaşdırdı. İstədiyin yeganə sahəni müəyyənləşdirməyə çalışmaqdansa, istəmədiklərini bir-bir çıxdaş etmək həm daha asandır, həm də daha tez nəticə verir.
Dərslər, layihələr, peşəkar fəaliyyət və sosial həyat arasında tarazlığı necə qurursunuz? Nədən imtina etməli olursunuz?
Mən sərt bölgüdən daha çox balanslı yanaşmaya inanıram. Əlbəttə, prioritetlər olmalıdır, imtahan həftəsi ilə adi həftə eyni ola bilməz. Ancaq “bu ay yalnız dərs oxuyacağam, sosial həyata vaxt ayırmayacağam” kimi yanaşma, məncə, işlək deyil.
Çünki bu sahələr bir-birindən ayrı deyil. Kitabxanada imtahana hazırlaşarkən yanında əyləşən tanımadığın biri zamanla ən yaxın dostlarından birinə çevrilə bilər. Eyni zamanda sosial mühitdə tanış olduğun bir insan peşəkar inkişafına töhfə verə bilər. Ən dəyərli əlaqələrimin çoxu əvvəlcədən planlaşdırılmış netvörkinq tədbirlərində deyil, məhz belə gözlənilməz anlarda yaranıb.
Dövlət Proqramının maliyyə dəstəyindən əlavə sizə verdiyi ən mühüm imkan nədir?
Mənim üçün ən dəyərlisi hər söhbətdən nəsə öyrənməkdir. Ünsiyyətdə olduğum, demək olar ki, hər insandan yeni məlumat əldə edirəm. Dərslərdə də eyni mühit var: bəzi fənləri Nobel mükafatı laureatları tədris edirlər. Bu il isə öz sahəsində dünyanın ən tanınmış şəxsləri ilə eyni mühitdə olmaq imkanım oldu. Bütün bunları mənim üçün mümkün edən Dövlət Proqramıdır və buna görə minnətdaram.