• 05.08.2026
  • 39
ADAU–Ege Universiteti beynəlxalq ikili diplom proqramı: Kənd təsərrüfatı üzrə beynəlxalq təhsil imkanı

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti tərəfindən birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı bakalavriat səviyyəsi üzrə kənd təsərrüfatı sahəsində müasir bilik və bacarıqlara yiyələnmək, eyni zamanda beynəlxalq təhsil təcrübəsi qazanmaq istəyən gənclər üçün geniş imkanlar yaradır.

 

Proqram çərçivəsində tələbələr təhsilin üç ilini Azərbaycan Dövlət Aqrar Universitetində, bir ilini isə Ege Universitetində davam etdirəcəklər. Bununla yanaşı, tələbələr Ege Universitetində təşkil olunacaq dörd həftəlik istehsalat təcrübəsində iştirak etməklə nəzəri biliklərini tətbiq etmək imkanı əldə edəcəklər.

 

Dərslər Azərbaycan Dövlət Aqrar Universiteti və Ege Universitetinin professor-müəllim heyətinin iştirakı ilə Azərbaycan və türk dillərində həyata keçiriləcək. Eyni zamanda tələbələrin türk dili üzrə zəruri bilik və bacarıqlara yiyələnmələri məqsədilə birillik dil hazırlığı və səviyyə imtahanı ödənişsiz şəkildə təşkil ediləcək.

 

Beynəlxalq ikili diplom proqramı üzrə bitki mühafizəsi, aqronomluq, aqromühəndislik, zoomühəndislik, bağçılıq və tərəvəzçilik, eləcə də torpaqşünaslıq və aqrokimya ixtisaslarına qəbul nəzərdə tutulur.

 

Proqramın əsas üstünlüklərindən biri də təhsilin tam dövlət hesabına maliyyələşdirilməsidir. Belə ki, proqram “2019–2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

 

Təhsil müddətini uğurla başa vuran məzunlara isə Azərbaycan Dövlət Aqrar Universitetinin və Ege Universitetinin diplomları təqdim olunacaq.

 

Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının əsasında aparılır. Proqrama ayrıca müraciət və ya seçim prosesi nəzərdə tutulmur.