Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) 2025–2026-cı tədris ili məzunları üçün təntənəli buraxılış mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, hər iki universitetin rəhbər, professor-müəllim heyəti, məzunlar, onların valideynləri və rəsmi qonaqlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev qeyd edib ki, 3+1 modeli əsasında icra olunan proqramdan bu il 113 nəfər məzun olaraq hər iki universitetin bakalavr diplomuna yiyələnib. Bununla da proqram üzrə məzunların ümumi sayı 256 nəfərə çatıb. Yaqub Piriyev əlavə edib ki, BMU ilə İNHA arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə 2024-cü ildə yeni əməkdaşlıq sənədi imzalanıb. Həmin sənədə əsasən, proqram məzunlarının akademik göstəricilərinə görə ən yüksək nəticə əldə edən 10 faizi İNHA Universitetinin magistratura proqramlarına qəbul olunduqları halda tam təqaüdlə təhsil almaq imkanı qazanırlar. Artıq 10-dan çox proqram məzunu bu imkandan yararlanaraq İNHA Universitetində magistratura səviyyəsində təhsilini davam etdirir.
Məzunları təbrik edən elm və təhsil nazirinin müavini İdris İsayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin keyfiyyətli təhsil almasına, beynəlxalq təhsil imkanlarının genişləndirilməsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu gün ölkədə rəqabətqabiliyyətli mütəxəssislərin formalaşdığını vurğulayıb
İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq və universitetin rektoru Ço Myeonq Voo BMU-İNHA İDP-ni Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndiriblər.
Çıxışlardan sonra ixtisas birinciləri və universitetin ictimai həyatında fəal iştirak edən məzunlar mükafatlandırılıb, bütün məzunlara diplomlar təqdim olunub.
Mərasimin bədii hissəsində tələbələrin ifasında Azərbaycan və Koreyanın milli rəqsləri nümayiş etdirilib, müxtəlif musiqi kompozisiyalarından ibarət konsert proqramı təqdim olunub.
Tədbir məzunların ənənəvi kepatma mərasimi ilə başa çatıb.