• 09.07.2026
  • 32
Məzunumuz İsveç İnstitutunun nüfuzlu liderlik proqramının qalibi olub

Dövlət Proqramı məzunu Fəqan Abdurəhmanov İsveç İnstitutu tərəfindən həyata keçirilən “Impact Pioneers ’26” proqramına qəbul olan liderlər arasında yer alıb.

 

10 ölkədən cəmi 54 gəncin seçildiyi bu platformada müxtəlif sektorlardan gələn iştirakçılar bir sual ətrafında birləşirlər: dayanıqlı gələcəyi necə daha sürətli qura bilərik?

 

Fəqan da bu proqram çərçivəsində Azərbaycanın bərpa olunan enerji sahəsində əldə etdiyi təcrübəni beynəlxalq platformaya daşıyacaq. O, növbəti 10 həftə ərzində Avropanın müxtəlif ölkələrindən olan mütəxəssislərlə birlikdə dayanıqlı inkişaf, innovasiya və yaşıl transformasiya sahələrində təcrübə mübadiləsi aparacaq, liderlik bacarıqlarını daha da inkişaf etdirəcək.

 

Dövlət Proqramı çərçivəsində İsveç Krallığının Uppsala Universitetində külək enerjisi layihələrinin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi almış Fəqan Abdurəhmanov bildirir ki, əsas məqsədlərindən biri Avropa ölkələrindən olan mütəxəssislərlə əməkdaşlıq əlaqələrinin qurulmasında və Azərbaycanın yaşıl enerji gündəliyinin beynəlxalq platformalarda daha geniş tanıdılmasında rol oynamaqdır.

 

Məzunlarımızın bərpa olunan enerji sahəsində nəinki ölkəmizdə, hətta dünyada aparıcı mütəxəssislər kimi tanınmaları bizi sevindirir!