16 iyun tarixində Dövlət Proqramı İdarəetmə Qrupu ilə Qarabağ Universiteti arasında işgüzar görüş keçirilib. Görüşün əsas məqsədi Qarabağ Universiteti ilə Türkiyə Respublikasının İstanbul Texniki Universiteti arasında həyata keçirilməsi nəzərdə tutulan beynəlxalq ikili diplom proqramının maliyyələşmə və idarəetmə mexanizmlərinin, eləcə də növbəti mərhələdə görüləcək işlərin müzakirə edilməsi olub.
Görüşdə Dövlət Proqramı İdarəetmə Qrupunun ikili diplom proqramları üzrə layihə rəhbəri Aytən Şadlinskaya və maliyyə meneceri Cavidan Qasımov iştirak ediblər. Qarabağ Universitetini isə elm və innovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov, rektorun müşaviri Hamiz Mahmudov və maliyyə şöbəsinin müdiri Şahin Muradov təmsil ediblər.
Müzakirələr zamanı Qarabağ Universitetinin beynəlxalq əməkdaşlıq sahəsində strateji prioritetləri, universitetdə ikili diplom proqramının yaradılması və inkişafı istiqamətində görülən hazırlıq işləri nəzərdən keçirilib. Eyni zamanda Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində həmçinin proqramın dayanaqlılığının təmin edilməsi yanaşmaları, eləcə də 2026/2027-ci tədris ili üzrə qəbul planları müzakirə olunub.
Sonda ikili diplom proqramının hazırlanması və həyata keçirilməsi üzrə növbəti mərhələdə görüləcək işlər və əməkdaşlığın effektiv təşkili üçün koordinasiya mexanizmləri müəyyənləşdirilib.