• 10.06.2026
  • 39
ADNSU–Vorvik Universiteti ikili diplom proqramının inkişaf perspektivləri müzakirə olunub

Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbər heyəti arasında ADNSU–Vorvik Universiteti ikili diplom proqramına həsr olunmuş görüş keçirilib.

 

Görüşdə ADNSU-nun rektoru Rüfət Əzizov və universitetin rəhbər heyəti, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov və DPİQ-in İkili diplom proqramları üzrə layihə rəhbəri Aytən Şadlinskaya iştirak ediblər.   

 

Görüş zamanı proqramın mövcud vəziyyəti, beynəlxalq tərəfdaşlıq çərçivəsində əldə olunan nəticələr, maliyyə mexanizmləri, 2026–2027-ci tədris ili üzrə tələbə qəbulu ilə bağlı məsələlər, eləcə də proqramın idarəetmə və koordinasiya mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Tədbirdə qeyd olunub ki, Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Vorvik Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı ölkədə bərpaolunan enerji sahəsi üzrə yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verir.

 

Yekunda ADNSU–Vorvik Universiteti ikili diplom proqramının daha səmərəli icrası məqsədilə Dövlət Proqramı İdarəetmə Qrupu və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında mütəmadi olaraq görüşlərin davam etdirilməsi, maliyyə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyətin genişləndirilməsi barədə razılıq əldə olunub.

 

Qalereya