• 09.06.2026
  • 29
BMU–İNHA ikili diplom proqramının mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib

Dövlət Proqramı İdarəetmə Qrupu ilə Bakı Mühəndislik Universitetinin (BMU)  rəhbər heyəti arasında görüş keçirilib.

Görüşdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı”nın icrası nəticəsində əldə olunmuş nailiyyətləri və ali təhsil sahəsinə verdiyi strateji töhfələri vurğulayıb. Yaqub Piriyev proqram çərçivəsində BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramına yüksək bal toplayan tələbələrin qəbulundan, əldə olunan uğurlu nəticələrdən, həmçinin həllini gözləyən bir sıra məsələlərdən geniş bəhs edib.

 

Daha sonra çıxış edən Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının ölkənin ali təhsil məkanında mühüm transformasiyalara yol açdığını bildirib. O qeyd edib ki, proqram çərçivəsində həyata keçirilən ikili diplom layihələri beynəlxalq təcrübənin yerli ali təhsil müəssisələrinə inteqrasiyasına, müasir və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsinə mühüm töhfə verir.

 

Görüşdə BMU-İNHA İDP-nin mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri, eləcə də proqramın növbəti mərhələsinin həyata keçirilməsi ilə bağlı prioritet istiqamətlər ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı son illərdə BMU-da yaradılmış müasir laboratoriyaların, güclü maddi-texniki bazanın İDP çərçivəsində həyata keçirilən tədris prosesinin də  keyfiyyətinin yüksəldilməsinə və yüksəkixtisaslı kadr hazırlığının təmin edilməsinə əlverişli şərait yaratdığı vurğulanıb.

 

Qalereya