ADA Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universiteti (GWU) arasında icra olunan ikili diplom proqramları üzrə Rəhbər Komitənin növbəti iclası mayın 12-də ABŞ-nin Vaşinqton şəhərində baş tutub.
Corc Vaşinqton Universitetində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Təhsilin İnkişafı Fondunun, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi nümayəndələri, eləcə də hər iki ali təhsil müəssisəsinin rəhbər və professor-müəllim heyəti iştirak ediblər. Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov və DPİQ-in İkili diplom proqramları üzrə layihə rəhbəri Aytən Şadlinskaya da iclasa onlayn formatda qoşularaq gündəlikdəki mühüm məsələlərin müzakirəsində yer alıblar.
Görüş zamanı ADA universiteti və Corc Vaşinqton universiteti arasında əməkdaşlığa dair müqaviləyə dəyişiklik sənədi imzalanıb.
Rəsmi müzakirələr çərçivəsində tərəflər Kompüter elmləri və data analitikası üzrə, Elektrik və elektroenergetika mühəndisliyi üzrə və Kompüter mühəndisliyi və Yüksək məhsuldarlıqlı hesablamalar üzrə magistr ikili diplom proqramlarının ümumi dəyərləndirilməsini aparıblar.
İclasda tələbə fəallığı və sinif inteqrasiyası, ikili diplom tələbələrinə diplomların verilməsi proseduru, birgə proqramların professor-müəllim heyətinin peşəkar inkişafında rolu və doktorantura proqramlarına tələbə axınının gücləndirilməsi mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda Vaşinqtonda səfərdə olan ADA Universitetinin rəhbər heyəti Corc Vaşinqton Universitetində Elektrik mühəndisliyi proqramı üzrə məzun olan tələbələrin Məzun Günündə iştirak ediblər.
Qeyd edək ki, 2020-ci ildən etibarən ADA Universiteti və Corc Vaşinqton Universitetinin strateji əməkdaşlığı nəticəsində Kompüter Elmləri və Data Analitikası, eləcə də Elektrik və Elektroenergetika mühəndisliyi üzrə ikili diplom magistr proqramları uğurla həyata keçirilir. “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən bu proqramlara qəbul edilən 117 tələbədən 103-ü artıq məzun statusu qazanıb.