• 25.05.2026
  • 67
Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin I Forumu keçirilib

Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən “Imperial College London” universitetində Dövlət Proqramı təqaüdçülərinin də iştirakı ilə “Azərbaycan–Böyük Britaniya Gənclər Forumu: köklərimizi hörmətlə yaşadaraq gələcəyimizi formalaşdırırıq” adlı Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin I Forumu keçirilib.

 

Forumun keçirilməsində əsas məqsəd xaricdə yaşayan azərbaycanlılar arasında dayanıqlı əməkdaşlığın inkişafına töhfə vermək, Azərbaycanla institusional və mədəni əlaqələri daha da gücləndirmək, həmçinin diaspor nümayəndələrinin liderlik potensialının və təşəbbüskarlıq bacarıqlarının inkişafını dəstəkləmək olub. Qeyd edək ki, bu istiqamətlər ölkəmizin diaspor siyasətinin prioritetləri sırasında xüsusi yer tutur.

 

Tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak ediblər.

 

Rəsmi hissədən sonra diaspor fəaliyyətində nəsillərarası əməkdaşlıq, liderliyin formalaşdırılması və gənclərin uğur hekayələrinə həsr olunmuş panel müzakirələri təşkil edilib. Tədbir bədii proqramla davam etdirilib.

 

Qeyd edək ki, forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Britaniya Azərbaycan Cəmiyyəti və London İmperial Kollecindəki Azərbaycan Tələbə Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.