• 19.05.2026
  • 64
ADPU–CVU ikili diplom proqramının gələcək inkişaf istiqamətləri müzakirə olunub

Mayın 18-də Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Qədir Xəlilov və DPİQ-in İkili diplom proqramları üzrə layihə rəhbəri Aytən Şadlinskaya ilə Azərbaycan Dövlət Pedoqoji Universitetinin rəhbər heyəti arasında görüş keçirilib.

 

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, rektorun müşaviri Ümid Mehdiyev, ADPU–CVU ikili diplom proqramının ADPU üzrə proqram direktoru Tofiq Əhmədov və proqramın katibi Nərgiz Mehdiyeva iştirak ediblər.

 

Görüş çərçivəsində ali təhsil sahəsində həyata keçirilən dövlət proqramlarının icra vəziyyəti, beynəlxalq əməkdaşlıq imkanları və ikili diplom proqramlarının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, ADPU ilə ABŞ-nin Corc Vaşinqton Universitetinin birgə həyata keçirdiyi ikili diplom proqramının mövcud vəziyyəti və proqramın gələcək inkişaf istiqamətləri müzakirə olunub.

 

Qədir Xəlilov Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edərək bu təşəbbüslərin ölkədə ali təhsilin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət etdiyini vurğulayıb.

 

ADPU-nun rektoru prof. Cəfər Cəfərov universitetdə aparılan islahatlar, beynəlxalq əlaqələrin genişləndirilməsi və innovativ təhsil layihələrinin tətbiqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. 

 

Görüşdə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub və bu istiqamətdə gələcək addımlar müzakirə edilib.

 

Qalereya