Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə (ADNSU) Vorvik Universitetinin birgə həyata keçirdiyi və “Bərpa olunan enerji” ixtisası üzrə beynəlxalq ikili diplom magistr proqramının ilk məzun buraxılışı mərasimi keçirilib.
Tədbirdə universitet rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, beynəlxalq tərəfdaşlar, sənaye nümayəndələri, müəllimlər, məzunlar və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov ikili diplom proqramlarının universitetin beynəlmiləlləşmə strategiyasında mühüm yer tutduğunu vurğulayaraq bildirib ki, bu cür təşəbbüslər tələbələrə beynəlxalq səviyyəli təhsil almaq imkanı yaradır və onların qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır. Rektor proqramın dövlət tərəfindən maliyyələşdirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək bunu Prezident İlham Əliyevin gənclərin yüksək səviyyəli təhsil almasına göstərdiyi diqqətin növbəti təzahürü kimi dəyərləndirib. O, proqramın uğurla həyata keçirilməsinə verdikləri dəstəyə görə Elm və Təhsil Nazirliyinə və Vorvik Universitetinin Warwick Manufacturing Group (WMG) strukturuna təşəkkürünü bildirib.
Daha sonra Vorvik Universitetinin “Warwick Manufacturing Group” (WMG) strukturunun beynəlxalq əlaqələr üzrə dekan müavini, professor Robin Klark çıxış edərək proqramın uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib və tərəfdaşlığın gələcək inkişaf perspektivlərini qeyd edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, eləcə də BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışlarında proqramın əhəmiyyətindən danışaraq məzunları təbrik edib, onların ölkənin enerji sektorunun inkişafında mühüm rol oynayacaqlarını bildiriblər.
Tədbirdə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov və ikili diplom proqramları üzrə layihə rəhbəri Aytən Şadlinskaya da iştirak ediblər.
Proqram çərçivəsində tələbələr həm beynəlxalq səviyyəli akademik biliklərə yiyələnib, həm də real sənaye təcrübəsi qazanıblar. Tədris prosesi “Warwick Manufacturing Group” (WMG) tərəfindən təqdim olunan modullar, ADNSU-nun akademik kursları və dissertasiya mərhələsindən ibarətdir. İkili diplom proqramının ilk buraxılışı üzrə 27 məzun təhsilini uğurla başa vurub.
Proqramın mühüm komponentlərindən biri də tələbələrin Böyük Britaniyada təşkil olunan yay məktəbində iştirakıdır. Bu müddət ərzində onlar bərpa olunan enerji obyektlərini ziyarət edib, sənaye nümayəndələri ilə görüşüb və beynəlxalq akademik mühitlə yaxından tanış olublar.
Tədbir çərçivəsində məzunların çıxışları dinlənilib, daha sonra diplomların təqdimat mərasimi keçirilib. Məzunlara Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Vorvik Universiteti tərəfindən ikili magistr diplomları təqdim olunub.
Qeyd edək ki, proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir və ölkəmizdə bərpa olunan enerji sahəsində rəqabətdavamlı mütəxəssislərin yetişdirilməsini hədəfləyir.