“2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Helsinki Universitetində kimya və molekulyar elmlər ixtisası üzrə magistr dərəcəsi əldə etmiş Səma Məmmədova Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) tərəfindən dəstəklənən və qalibi olduğu Maria Sklodovskaya-Küri təqaüdü çərçivəsində biliklərini artırmağa davam edir.
Bu proqram hər il dünya üzrə 100-150 nəfərdən ibarətolmaqla məhdud sayda qadın mütəxəssisin nüvə elmləri sahəsində inkişafını dəstəkləyir.
Səma Dövlət Proqramı çərçivəsində magistratura pilləsi üzrə təhsilini tamamladıqdan sonra Maria Sklodovskaya-Küri təqaüd proqramının dəstəyi ilə təhsilini Helsinki Universitetində radiokimya və nüvə analitikası sahəsində davam etdirib.
Tədqiqat fəaliyyəti Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi Agentliyi (STUK) ilə əməkdaşlıq çərçivəsində aparılmış və nüvə fövqəladə halları zamanı qida, su və ətraf mühit nümunələrində radioaktiv maddələrin sürətli və dəqiq şəkildə təyin olunması metodlarının inkişafına yönəlmişdir.
O, IAEA tərəfindən dəstəklənən təqaüd proqramı çərçivəsində hazırda Azərbaycanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Nüvə tədqiqatları departamentində təcrübə keçir.