• 23.04.2026
  • 86
Dövlət Proqramı iştirakçıları “Qayıdış: Gənclər Forumu”nda çıxış ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Qarabağ Universitetinin tərəfdaşlığı və Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ Universitetində “Qayıdış: Gənclər Forumu – Hüquqi Yanaşmalar və Beynəlxalq Perspektivlər” layihəsi keçirilib.

 

Hüquq ixtisas istiqaməti üzrə təhsil almış Dövlət Proqramı iştirakçıları tədbirdə spikerlər arasında yer alıblar.

 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil almış ABŞ-nin İndiana Universitetinin hüquq məktəbinin doktorantı, ADA Universitetinin hüquq fakültəsinin hüquq praktikası üzrə professoru Altay Mustafayevin iştirakı ilə “Hüquq üzrə xaricdə təhsil və karyera imkanları” mövzusunda seminar, eləcə də  "Avropa İnsan Hüquqları Məhkəməsinin Presedentləri Kontekstində Deportasiyaya Uğramış Şəxslərin Mülkiyyət Hüquqlarının Bərpası" mövzusunda panel sessiya keçirilib.

 

Forumda həmçinin Bakı Dövlət Universitetinin Hüquq klinikasının rəhbəri, Vəkillər kollegiyasının üzvü, Dövlət Proqramı çərçivəsində Köln Universitetinin doktorantura üzrə məzunu Asif Mustafayev də çıxış edib. O, xaricdə hüquq təhsili və hüquq sahəsində karyera ilə bağlı təcrübə və tövsiyələrini Qarabağ Universitetinin tələbələri ilə bölüşüb.

 

Kaliforniya Universiteti, Berklinin Hüquq üzrə magistratura məzunu Ceyhun Xəlilov, Kembric Universitetinin “Beynəlxalq Hüquq” üzrə magistratura məzunu Cavid Rəhimli, Köln Universitetinin doktorantura məzunu Asif Mustafayev və İstanbul Universitetinin hüquq elmləri üzrə fəlsəfə doktoru Dilbər İskəndərova “Qayıdış Hüququ və Beynəlxalq Hüquq: Normativ və Tətbiqi Yanaşmalar” adlı panel sessiyada iştirak ediblər. Sessiyada qayıdış prosesinin hüquqi çərçivəsi və beynəlxalq praktikadakı tətbiqləri barədə ətraflı məlumat verilib.

 

Daha sonra  Cavid Rəhimli, Asif Mustafayev və Dilbər İskəndərovanın iştirakı ilə “Deportasiya Cinayətləri və İnsan Hüquqları: Tarixi Yanaşma və Müasir Hüquqi Məsuliyyət” adlı panel sessiya təşkil olunub.

 

Sessiyalardan sonra Oksford Universitetinin Magister Juris (MJur) məzunu Sona Abdullayeva “Konstitusional demokratiyaya giriş” mövzusunda interaktiv sessiya keçirərək tələbələrlə hüquqi dövlət, insan hüquqları və demokratik institutlar haqqında müzakirələr aparıb.

 

Üç gün davam edən forum müddətində iştirakçılar hüquqi biliklərini artırmış, həmçinin gənclərdə Qarabağa qayıdış məsələsinə beynəlxalq hüquq, diplomatiya və informasiya təhlükəsizliyi kontekstində daha geniş və sistemli baxış formalaşdırılmışdır.