Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri “Fibonacci” Beynəlxalq Robot Olimpiadasının Azərbaycan mərhələsində müxtəlif kateqoriyalar üzrə yüksək nəticələr əldə ediblər.
Yarışda İDP-nin “Elektronika mühəndisliyi” ixtisasının III kurs tələbələri fərqləniblər. Hakim Musazadənin təmsil olunduğu komanda “Mega Sumo” kateqoriyasında birinci yerə layiq görülüb.
Tahirə Bəylərovanın üzvü olduğu komanda “Maze” kateqoriyasında 11 saniyəyə labirinti tamamlayaraq birinci yerin sahibi olub. Ülkər Rəhimlinin iştirak etdiyi komanda isə “Line Follower” kateqoriyasında 27 saniyəyə verilmiş tapşırığı baş vuraraq üçüncü yerə layiq görülüb.
Olimpiadada dünyanın nüfuzlu universitetlərinin - “University of Toronto”, “University of Bologna”, “University of Edinburgh”, “Lazarski University” və “University College London”, eləcə də Türkiyənin bir sıra aparıcı ali təhsil müəssisələrinin professorları qonaq qismində iştirak edib, texnologiya sahəsində yeni trendləri diqqətə çatdırıblar.
Tədbirdə həmçinin müxtəlif dövlət qurumları və təşkilatların nümayəndələri yer alaraq texnologiya, eləcə də təhsilin gələcəyi ilə bağlı düşüncələrini bölüşüblər.
Qeyd edək ki, "Fibonacci” Beynəlxalq Robot Olimpiadasının növbəti mərhələsi 22-26 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək. Final mərhələsinin isə İtaliyada baş tutması planlaşdırılır.