• 25.05.2023
  • 219
BMU-İNHA İDP ilə bağlı “Açıq qapı” günü

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə icra olunan ikili diplom proqramı (İDP) ilə bağlı “Açıq qapı” günü keçirilib.

Proqramla əlaqədar məlumatlandırma tədbirləri çərçivəsində təşkil olunan tədbirdə BMU-İNHA İDP-nin müəllim-tələbə heyəti ilə yanaşı, valideynlər, abituriyentlər iştirak ediblər.

Tədbirdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov “Açıq qapı” gününün mahiyyəti haqda məlumat verərək, proqramın aktuallığı, məqsəd və hədəfələri, İDP-nin üstünlükləri, tələbələr üçün yaratdığı geniş imkanlardan söz açıb.

BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin direktoru Humay Cəfərli proqramla bağlı geniş təqdimatla çıxış edib. Təqdimatda proqrama qəbul qaydaları, ixtisaslar üzrə ballar, maliyyə xərcləri və s. haqda məlumat verilib.

Bildirilib ki, 4 qəbul ilini əhatə edən bakalavr proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə ümumilikdə 400 nəfərin qəbul olunması nəzərdə tutulub. Artıq proqramın üçüncü ilinin icrasının davam etdiyini deyən H.Cəfərli hazırda 270-dən çox tələbənin qəbul imtahanlarında yüksək nəticələr göstərərək, qeyd olunan ixtisaslar üzrə İDP-də təhsil aldığını deyib.

BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin də çıxışında proqramın qəbul şərtlərinə diqqət çəkərək bildirib ki, 3+1 modeli əsasında qurulan proqrama əsasən, tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İNHA Universitetində təhsil almalıdırlar. O, bu il proqramın III kurslarının BMU-da tədrisi uğurla başa vuraraq, İNHA universitetində təhsillərini davam etdirmək üçün yola düşəcəklərini vurğulayıb. Koreyada təhsil, iş və yaşayış imkanları haqda da tədbir iştirakçılarını ətraflı məlumatlandıran Y.Hyunjin proqramla maraqlanan şəxslərə dil biliklərinin təkmilləşdirilməsini tövsiyə edib.

Görüşdə BMU-İNHA İDP-nin tədrisi ilə məşğul olan müəllimlər adından Hamed Kağazçı, BMU İNHA İDP-nin idarəedilməsi bölməsinin əməkdaşı Nurlanə Abbaslı, həmçinin İDP-nin II kurs tələbələri Murad İbrahimov və Amani Sultanov da çıxış edərək, fikirlərini bildiriblər.

“Açıq qapı” günü sualların cavablandırılması ilə davam edib.

Sonda görüş iştirakçıları universitetlə tanış olublar.

 

 

Qalereya